Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918).
Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir.
Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur.
Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.